Sayt layihələrinin çoxu dizayna görə yox, hazırlıqsız başlandığı üçün gecikir: mətnlər hazır deyil, şəkillər tapılmır, kimin nəyi təsdiqləyəcəyi bəlli deyil. Bu siyahını işə başlamazdan əvvəl doldursanız, sayt həm daha tez, həm də daha keyfiyyətli hazır olacaq.
1. Saytın əsas məqsədini bir cümlə ilə yazın
"Müştəri saytdan zəng etsin", "onlayn sifariş versin", "şirkət haqqında etibar yaratsın" - məqsəd bir olmalıdır. Bütün dizayn qərarları bu cümləyə xidmət edəcək.
2. Müştərinizi təsvir edin
Kimdir, neçə yaşındadır, saytı haradan açır (telefon, kompüter), hansı sualla gəlir? Bir-iki cümlə kifayətdir.
3. Bəyəndiyiniz və bəyənmədiyiniz 3 sayt seçin
Rəqiblər və ya tamam başqa sahədən ola bilər. Nəyi bəyəndiyinizi (rəng, quruluş, sadəlik) qısa qeyd edin - bu, dizaynerə sözlərdən daha çox şey deyir.
4. Səhifələrin siyahısını tutun
Ana səhifə, Haqqımızda, Xidmətlər, Layihələr, Əlaqə... Hər səhifədə nə olmalıdır? Sadə siyahı qiyməti və müddəti dəqiq hesablamağa imkan verir.
5. Mətnləri hazırlayın
Şirkət haqqında qısa mətn, xidmətlərin təsviri, tez-tez verilən suallar. Mükəmməl olması vacib deyil - xam variant da işi xeyli sürətləndirir. Mətnlər hazırlanmasa, layihələrin çoxu məhz bu mərhələdə dayanır.
6. Şəkilləri toplayın
Ofis, komanda, məhsul və layihə şəkilləri. Real şəkillər stok fotolardan həmişə daha çox etibar yaradır. Telefonla çəkilsə də, yaxşı işıqda və yüksək keyfiyyətdə olmalıdır.
7. Brend materiallarınızı göndərin
Loqonun vektor faylı (SVG, PDF), rəng kodları, şriftlər. Brend kimliyi yoxdursa, saytdan əvvəl və ya onunla birlikdə hazırlamağı düşünün - əks halda sayt sonradan yenidən dəyişdiriləcək.
8. Domen və hostinq məlumatları
Domen artıq alınıbsa, idarəetmə panelinə giriş məlumatlarını hazır saxlayın. Alınmayıbsa, istədiyiniz 2-3 ad variantını yazın.
9. Lazım olan funksiyaları qeyd edin
Əlaqə forması, WhatsApp düyməsi, çoxdillilik, bloq, onlayn sifariş, idarəetmə paneli... Sonradan əlavə edilən funksiya həmişə əvvəldən planlaşdırılandan baha başa gəlir.
10. Kim təsdiqləyəcək?
Dizaynı və mətnləri kimin təsdiqləyəcəyini əvvəlcədən müəyyən edin. Bir nəfərlik qərar - ən sürətli layihədir. Beş nəfərin fikri isə müddəti bir neçə dəfə uzada bilər.
Hamısı hazırdır?
Bu suallar bizim brif formumuzun da əsasını təşkil edir. Formu doldurun - seçdiyiniz xidmətlərə görə təxmini qiyməti dərhal görəcəksiniz, bir iş günü ərzində isə sizinlə əlaqə saxlayacağıq.