Sosial şəbəkədə loqo bir rəngdə, vizit kartında başqa rəngdə, lövhədə isə tamam başqa şriftlə görünür. Tanış gəlir? Bu, brendbukun olmamasının ən tipik nəticəsidir. Brendbuk brendinizin "istifadə təlimatıdır" və biznes böyüdükcə daha çox lazım olur.
Brendbuk nədir?
Brendbuk (brend kitabı və ya brend təlimatı) brendinizin necə görünməli və necə danışmalı olduğunu müəyyən edən sənəddir. Onu dizayner, çapçı, SMM mütəxəssisi və ya yeni əməkdaş açıb bir neçə dəqiqəyə brendinizi düzgün istifadə etməyi öyrənə bilməlidir.
Brendbukda nələr olur?
- Loqo və variantları: əsas, üfüqi, şaquli, yalnız işarə, ağ və qara versiyalar.
- Qoruma sahəsi və minimal ölçü: loqonun ətrafında boş qalmalı sahə və onun ən kiçik ölçüsü.
- Qadağalar: loqonu dartmaq, rəngini dəyişmək, kölgə əlavə etmək kimi səhv istifadə nümunələri.
- Rəng palitrası: əsas və köməkçi rənglər, onların HEX, RGB, CMYK və mümkünsə Pantone kodları.
- Tipoqrafiya: başlıq və mətn üçün şriftlər, ölçülər və istifadə qaydası.
- Qrafik elementlər: naxışlar, ikonlar, foto üslubu.
- Tətbiqlər: vizit kartı, blank, e-poçt imzası, sosial şəbəkə postları, geyim, lövhə nümunələri.
Biznesə niyə lazımdır?
1. Hər yerdə eyni görünürsünüz
Müştəri sizi sayt, Instagram, ofis lövhəsi və qablaşdırma vasitəsilə tanıyır. Hər yerdə eyni rəng, şrift və üslub olanda brend daha tez yadda qalır və daha ciddi görünür.
2. Vaxt və pul qənaət edir
Hər yeni material üçün dizaynerlə "rəng hansı idi, şrift hansı idi" yazışmasına ehtiyac qalmır. Çapçıya brendbuku göndərirsiniz - vəssalam.
3. Komanda böyüyəndə nəzarəti saxlayırsınız
Yeni SMM menecer, filial və ya tərəfdaş gələndə brend dağılmır. Qaydalar yazılıdır və hər kəs üçün eynidir.
Hər biznesə tam brendbuk lazımdırmı?
Yox. Kiçik biznes üçün 5-10 səhifəlik qısa brend təlimatı (loqo, rənglər, şriftlər və əsas qaydalar) kifayətdir. Bir neçə şirkəti, filialı və ya geniş reklam fəaliyyəti olan bizneslərə isə tam brendbuk tövsiyə olunur. Məsələn, şirkətlər qrupu üçün brendbuk bütün şirkətlərin eyni ailəyə aid olduğunu göstərir.
Nəticə
Loqo brendin üzüdürsə, brendbuk onun xarakteridir. O olmadan ən yaxşı loqo da zamanla müxtəlif əllərdə fərqli görünməyə başlayır. Brend kimliyi sifariş edəndə brendbukun qiymətə daxil olub-olmadığını mütləq soruşun.